Gəncənin mərkəzinə yaxın bir yerdə, Xan Bağının qonşuluğunda, üstündə Dövlət Bayrağı ucalan bu bina 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahı olub. Bu, eləcə də onun sağ cinahındakı digər binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti yerləşib.
1897-ci ildə inşa edilən binada çar hakimiyyəti dövründə şəhər bələdiyyəsi fəaliyyət göstərirmiş. 1918-ci ildə tariximizin şərəfli səhifəsinə şahidlik etmiş bina sovet dövründə təhsil ocağı kimi fəaliyyət göstərib.
Bu gün bina Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsindədir. Hazırda Xalq Cümhuriyyətindən qalan izlər ikinci binada yaradılmış “Cümhuriyyət muzeyi”ndə qorunur. Muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövründən bəhs edir.
Cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır. Zalda Xalq Cümhuriyyətinin qurucularına, eləcə də Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuri Paşaya həsr olunan sənədlər da var.
Muzeydə tarixi Azərbaycan-Türkiyə əlaqələrini əks etdirən eksponatlara da yer verilib.
Nazir QULİYEV