Azərbaycan Türkiyədən “UMTAS” və “OMTAS” tipli tank əleyhinə idarə olunan raket kompleksləri alır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hərbi mənbələrdən verilən məlumata görə, hazırda bu raketlərin Azərbaycan hərbçilərinin iştirakı ilə testləri keçirilir.
Raket komplekslərini istehsal edən “ROKETSAN” nümayəndələrinin sözlərinə görə, Azərbaycan hərbçiləri hər iki raketi yüksək qiymətləndiriblər. Bu raketlər həm müxtəlif nəqliyyat vasitələri üzərində, həm də yer üstündə istifadə oluna bilir.
Azərbaycanın hərbi qurumlarından birinin “ROKETSAN” istehsalı olan “Cirit” tank əleyhinə raketi ilə də yaxından maraqlandığını deyən şirkət yetkililəri bu istiqamətdə də müəyyən fəaliyyətlərin olduğunu bildiriblər.
Qeyd edək ki, “OMTAS” adı verilmiş orta mənzilli tank əleyhinə raket 4000 metr, “UMTAS” adlı uzaq mənzilli tank əleyhinə raket isə 8000 metr mənzilə sahibdir. “UMTAS” nəqliyyat vasitələrinə, pilotsuz uçuş aparatlarına, helikopterlərə, kiçik hücum təyyarələrinə də inteqrasiya oluna bilir.