Sürətlə şütüyən "BMW” markalı avtomobil düz gözəllik salonunun qarşısında dayandı. Avtomobili sürən cavan oğlan kiməsə xitabən ucadan söyüş söyməyə başladı. Onun ağzını tuşladığı istiqamətə tərəf baxdım, gözəllik salonundan bir qız çıxırdı, bəzənib düzənmişdi, söyüşlər ona ünvanlanmışdı, kobud ifadələrin qəlpələri ətrafa səpələnirdi: "Eşşəksən sən? Niyə adamı bu qədər gözlədirsən? Sənə demədim?..”
Küçədə xeyli adam varıydı, maşının içindəki söyüşbaz sanki hamı eşitsin deyə, bilərəkdən səsini başına atmışdı. Qızın üzündə pərt bir gülümsəmə varıydı, tez-tələsik maşına oturdu, avtomobil yerindən götürüldü...
Bir neçə həftə əvvəl gözlərimin qarşısında baş verən bu təhqiramiz hadisə xeyli vaxt idi beynimdə fırlanırdı. Təbii, Bakıda belə hadisələr gündəlik normadır, amma ilk dəfə qadına qarşı belə təhqiramiz münasibəti dərindən götür-qoy edirdim. Axı nəyə görə cavan bir adam sevgilisini, nişanlısını, arvadını, məşuqəsini (qız görünüşündən heç də məşuqəyə bənzəmirdi), ən əsası bir qadını küçənin ortasında, camaatın içində təhqir etməlidir? İnsan mənəvi cəhətdən nə qədər düşkün olmalıdır ki, belə bir şeyi özünə rəva görsün?
Belə hadisələrdən birinə də bir neçə gün sonra avtobusda şahid oldum. Marşrut dolu idi, hamı sakitcə dayanıb, mənzil başına çatmağını gözləyirdi. 28-30 yaşlarında səliqəli geyinmiş, ilk baxışda mədəni kimi gözə çarpan bir cavan oğlan telefonda danışırdı. Bütün şəxsi həyatını ortalığa tökmüşdü. Rusdilliydi, cümlələrini yarı rusca, yarı azərbaycanca düzüb, telefonun o biri başındakı qızı ittiham edirdi. Məcburən məni də qulaq şahidi etdiyi söhbətindən belə başa düşülürdü ki, bu yaxınlarda qızla evlənəcək. Qız da kirayələmək üçünmü, satın almaq üçünmü evə baxmağa gedib. Ev xoşuna gəldiyindən sahibiylə bir-birinə telefon nömrələrini veriblər ki, əlaqə saxlasınlar. İndi oğlan qızı telefon nömrəsini evin sahibinə verdiyinə görə danlayırdı: "Yesli b tı bıla poryadıçnım çelovekom... Mənə sənə deyirəm də, əgər sən normal adam olsaydun, nömrəni verməzdün. Mənim nömrəmi verərdün də, nöş öz nömrəni verirsən?..”. Cavan oğlan düz 20 dəqiqə camaatı öz şəxsi həyatı barədə söhbətlərə qulaq asmağa məcbur elədi, sonra da elə telefonla danışa-danışa dayanacaqlardan birində düşdü...
Bilirəm qeyri-adi bir şey yoxdu, Bakıda hər gün rast gəlinən şeylərdən yazıram. İstənilən ölkədə, hətta Amerikada, Avropada da qadınları təhqir edən belə meşşan təfəkkürlü, kobud, abırsız adamlar var. Amma bu hal kütləvi deyil axı, həm də oralarda polis var, belə təhqirə məruz qalan qadın sadəcə polisə şikayət etməklə, qarşısındakını cəzalandıra bilər. Azərbaycan qadını isə kütləvi zorakılığa məruz qalır, nə polisin, nə cəmiyyətin, nə dövlətin, nə ailənin onu qorumaq fikri yoxdur, O, evdə oturur təhqir edilir, ərə gedir təhqir edilir, küçəyə çıxır təhqir edilir, avtobusa minir, universitetə, məktəbə gedir təhqir edilir, aşağılanır. Özünü kişi hesab edən hər kəs nədənsə elə hesab edir ki, onun istənilən qıza sataşmaq, söz atmaq, aşağılamaq haqqı var. Paradoks da ondan ibarətdir ki, əksəriyyətinin də dilində "milli mentalitet”, "dəyərlər”, "ana-bacı”, "namus, qeyrət” kimi sözlər var. Bundan böyük saxtakarlıq, mənəvi düşkünlük ola bilərmi?
Gözəl, çirkin olmağından asılı olmayaraq, küçəyə çıxan istənilən qız hər an təhqir oluna, aşağılana bilər, özü də dəfələrlə. Mən adamlar tanıyıram məhz buna görə həftələrlə evdən çölə çıxmırlar. Qızlara qarşı bu münasibəti göstərəndən soruşandakı "niyə belə edirsən?”, o dəqiqə cavab verir ki, "Yaxşı qız filan-filan olmaz, yaxşı qız onu-bunu eləməz”. Axı belə münasibəti bunlar hər kəsə göstərirlər, geyimindən, davranışından, danışığından, gözəlliyindən, çirkinliyindən asılı olmayaraq. Bir mənalı şəkildə bütün qızlara bu münasibət sərgilənir. Axı bir ölkədə bütün qızların hamısının pis olması mümkün deyil...
Azərbaycan kişisi sanki Azərbaycan qadınından qisas alır. Sovet hökuməti gəldi, qadınları, qızları çadradan xilas etdi, məktəbə, universitetə göndərdi, təhsil, iş verdi, kişiylə bərabər hüquqlar verdi, ona "azad qadın” statusu verdi. İndi sovetlər gedib və azərbaycan kişisi meydanı boş görüb qadınları təhqir edir: onun savadlı olmasına, küçədə gəzməsinə, istədiyi kimi geyinməsinə, fərd olmasına, azad olmasına dözə bilmir.
Yalnız bir istisna var.
Siz avtobusda, yolda, küçədə kişi cinsindən olanların hicablı, çadralı qızlara olan münasibətinə baxın, görün necə səssiz hörmət var onlara qarşı. Yalnız bu qəbildən olan qadınlara istisna münasibət var. Azərbaycan kişisi qadınını məhz belə görmək istəyir, bəziləri bunu dana bilər, amma ortadakı mənzərə bunu deməyə əsas verir...
Qadına azadlıq vermədən normal cəmiyyət qurmaq mümkün deyil. Qadınına kölə münasibəti göstərən ölkələrin hamısı kölə vəziyyətindədirlər, hamısında aclıq, səfalət, natəmizlik, mənəvi düşkünlük baş alıb gedir, onlar bəşəriyyət, tərəqqi üçün sadəcə artıq yükdürlər. Qadını azad olan ölkələrə də baxın, azad olmayan ölkələrə də...
Azərbaycan qadını bəzən ona verilən, bəzən də özünün qazandığı azadlığı bir daha əldən verməməlidir. O, ağır buxovların yenidən əllərinə, ayaqlarına keçirilməsinə icazə verməməlidir. Əks təqdirdə zülmət qaranlığa gömülmək qaçılmaz olacaq...
Cavid Ramazanov
www.ann.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin