Bu gün nikaha girənlərin 9-11 faizinin uşağı olmur, yəni təxminən nikaha girənlərin 9 mininin uşağı olmur. Bu, çox ciddi məsələdir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq:
“Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmanın tətbiq edilməsi nəzərdə tutulur. Qanun layihəsində, həmçinin aborta getməmək kimi məsələlər var”.
Modern.az-ın məlumatına görə H.Rəcəbli əlavə edib ki, Azərbaycanda dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlər məsuliyyətə cəlb oluna bilər.
Komitə sədri qeyd edib ki, hazırda da mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur.
Dölün cinsini müəyyən etmək üçün ultrasəs müayinəsinin qadağan olunub-olunmaması məsələsinə toxunan H. Rəcəbli qeyd edib ki, ultrasəs müayinəsi qadağan olunmaya bilər:
“Ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdiriləcək”. (Trend)