Tbilisi zooparkının mütəxəssisləri Afrika pinqvinini tapmağa nail olmayıblar. Məlumata əsasən pinqvin Tbilisidə baş verən daşqından sonra üzərək Azərbaycan sərhədinə qədər gəlib çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Qruzii” müxbirinə zooparkın administrasiyasından bildirilib.
“Bizim əməkdaşlarımız ora yollanıblar, bütün ərazini nəzərdən keçiriblər, amma təəssüf ki, pinqvini tapmaq mümkün olmayıb”, - zooparkdan bildiriblər.
Dünən zooparkın administrasiyasından bildiriblər ki, Qırmızı körpü (Gürcüstan-Azərbaycan sərhəddi) yaxınlığında çayda Tbilisidə daşqın zamanı zooparkdan qaçan Afrika pinqvini görülüb. Bir qrup mütəxəssis onu Tbilisiyə gətirmək üçün operativ şəkildə hadisə yerinə gəlib.