Bu yaxınlarda “gəzməyə qərib ölkə” məşhur kəlamı məni düşündürdü. Və birdən bu sözlərin dərin mənasını anladım. Həqiqətən qərib ölkələr, yəni bizim olmadığımız ölkələr daha yaxşıdı. Çünki biz orada yoxuq. Fiziki olaraq yoxuq. Və demək olmaz ki, bizim bəxtimiz gətirməyib ki, biz orada doğulmamışıq, əksinə doğulduğumuz yerin bəxti gətirməyib ki, biz məhz burada doğulmuşuq.
Son zamanlar elə hamı eyni şeyi əzbərləyib – Avropa daha təmizdir, Avropada mədəniyyət var, Avropada muzeylər var, Avropada evlər gözəldir, Avropada insanlar ağıllı və daha yaxşıdırlar.
“Onlarda nizam-intizam var” – deyən adam növbədə dirsəyi ilə hamını itələyərək irəli keçməyə çalışır. Və ya – “Avropada piyadalara yol verirlər”, deyib yolu yeraltı keçidin üstündən qaçaraq keçir. “Ağac deyil, çəkilər” – deyib sürəti artıran sürücümüz, pəncərədən küçəyə əzdiyi siqaret qutusunu atmağı da unutmur.
Sonra bax elə bu adamlar Avropaya düşdükdən sonra oradakı intizama, təmizliyə, mədəni sürücülərə qibtə etməyə başlayırlar.
Bizim millət öz bədbəxtliklərində kimi istəsən günahlandırmağa hazırdırlar. Valideynlərdən başlayaraq, hansısa gizli təşkilatlara qədər, amma heç bir şərt altında öz gözlərində çöpü görməyə cürət edə bilməzlər.
Təmizlik özü yarana bilməz. Vətəndaşlar özlərinə hörmət etməyə başlamasalar və zibili hara gəldi yox, müəyyən edilmiş yerə atmasalar küçələr təmiz olmayacaq.
Rüşvət də nə qədər ki, verən var alan da tapılacaq. Misal üçün uzağa getmək lazım deyil. Elə bu yaxınlarda öz qonşumdan eşitdim ki, Təhsil Nazirliyinin bütün xəbərdarlıq və qadağalarına baxmayaraq onun uşağı oxuduğu məktəbdə direktor və müavinlərə hədiyyə almaq üçün pul yığırlar. Təşəbbüskar isə valideynlərdir.
Bu işdə iştirak etməyənləri isə kollektivdən kənara çəkilməkdə ittiham edirlər, hətta sonradan onların uşaqlarının problemləri ola biləcəyi barədə xəbərdarlıq da edirlər. Bu vəziyyətdə hətta şikayət belə etmək mümkün deyil, çünki valideynlərin təşəbbüsü olduğu üçün məktəb direktorunun və administrasiyasının günahını sübut etmək mümkün deyil.
Mədəniyyət özü-özündən yaranmır, burda sehirli çubuq da kömək edə bilməz. Belə fikirləşən ya idealist, ya da axmaqdır. Elə həmin Avropa ölkələrində mədəniyyət və intizam onilliklərlə tərbiyə edilib. Orda bir az boşluq yaransa maskalar düşür və həqiqət üzə çıxır.
Məsələn, Parisdə olarkən tələbə etiraz aksiyasının şahidi oldum. Aksiya mərkəzi küçələrdə bir qrup gəncin (nəzərə alın ki, bomjların yox, Sorbonna tələbələrinin) vəhşi şəkildə gəzintisi idi. İştirakçılardan öncə postamentlərlə bəzədilmiş avtobus gedirdi.
Bu avtobusda musiqi sədaları altında qəribə hərəkət edən tələbələr ara bir var gücləri ilə şüarlarını qışqırırdılar. Bütün bu gördüklərim məni, gənclərin alkoqolun və ya daha güclü bir vasitənin təsiri altında olduğunu düşünməyə vadar etdi.
Özlərindən sonra bu qrup müxtəlif pivə bankaları, yemək parçaları sərxoş tələbə yoldaşların və yaradıcılıqlarının bir hissəsini küçələrdə qoyaraq getdilər. Bu aksiyanın ardınca çox qəmli şəkildə Paris şəhərinin icra nümayəndələri gedərək vəziyyəti bir az qanunauyğun şəkilə salmağa çalışırdılar.
Ona görə də xanımlar və cənablar, növbəti dəfə ölkəmizi, hakimiyyəti, milləti və şəraiti tənqid etməyə başlamazdan əvvəl bir fikirləşin: siz özünüz piyadanı “zebra”da keçməyini gözləyirsinizmi? Piyada kimi yeraltı keçidlərdən və ya həm öz, həm də yolda olan sürücünün həyatını riskə ataraq qaçaraq qarşı tərəfə keçirsiniz?
Meşədə piknik keçirtdikdən sonra tökdüklərinizi yığışdırırsınız, ya “hamı kimi” tullantıları elə ağacların altında qoyursuz? Məktəblərdə rüşvət verib (nəzərə alın ki, bu yalnız bizdə “hörmət” adlanır) tüfeylilərin qaydalarına uyursunuz?
Burda istər-istəməz Mixail Bulqakovun “Köpək qəlbi” əsərindən professor Preobrajenskinin, dağınıqlıq haqqında fikirləri yada düşür. Onun dağınıqlığın məhz ilk olaraq başda, təfəkkürdə başladığını ifadə edən cümlələri əbədi həqiqətdir. “Hər kəs öz işi ilə məşğul olsa, hər şey müəyyən edilmiş qaydalar üzrə edilsə dağınıqlar da olmayacaq”.
Professor haqlıdır, hər şey fikirlərimizdən başlayır. Ətrafda heç bir şey dəyişməyəcək, əgər biz özümüz dəyişməsək. Anlamalıyıq ki, sivil cəmiyyətə yalnız sivil vətəndaşlar layiqdir.
Aliyə İsmayılzadə
www.oxu.az