İnsan dünyaya gələndə ilk növbədə ona ad verirlər. Keçmişdə ailənin ağsaqqalı bu məsuliyyətli işi öz öhdəsinə götürürdü. Zaman dəyişdikcə adət-ənənə dəyişib. İndi hər bir valideyn övladına istədiyi adı verir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sovetlər dönəmində populyar adlarla yanaşı, qəribə adlara da rast gəlinirdi. Məsələn, Kombayn, Traktor, Oktyabr, Fevral, Sovet kimi digər adlara da rast gəlinirdi. Müasir dövrdə isə daha populyar adlar, ya müğənnilərin adları olur, ya da ki, film və serial qəhrəmanlarının adları valideynlər tərəfindən övladlarına verilir. Amma uşaq böyüdükcə bəzi hallarda ona verilən ad onun heç də ürəyincə olmur.
Belə olduğu halda, hər bir vətəndaş öz adını dəyişdirə bilər. Qanunvericilik adın dəyişdirilməsi ilə yanaşı, soyadın və ata adının da dəyişdirilməsinə də imkan verir. 18 yaşına çatmış hər bir vətəndaş müvafiq qeydiyyat şöbəsinə mürtaciət etməklə adını dəyişdirə bilər. Əgər vətəndaş xarici ölkədədirsə, o zaman həmin ölkədə yerləşən konsulluğa müraciət etmək lazım gəlir.18 yaşına çatmayanlara gəldikdə isə, bu halda yalnız valideyinlərin razılığı və ya qəyyumluq orqanın çıxardığı qərar əsasında bu proses həyata keçirilə bilər.
“Təsdiq olunmuş bir nömrəli formaça doldurulur. İki kopyada daha sonra biri ponja verilir, biri də saxlanılır. 15 gün müddətində baxılır və polisə göndərilir” - deyə hüquqşünas Müzəffər Baxışov bildirib.
Məhkum olunmuş şəxslər adlarını və ya soyadlarını dəyişdirə bilməzlər.
Polis orqanın verdiyi rəyə əsasən qeydiyyat şöbələri 15 gün müddətində qərar qəbul edir və 3 gün müddətində adın dəyişdirilməsi prosesi həyata keçirilir. Vətəndaşa yeni şəhadətnamə verilir. Amma adın, soyadın və ya ata adının dəyişdirilməsi prosesindən heç də hamı yararlana bilmir.
“Məhkumluğu olan şəxslər, boynunda ödənilməyən cəriməsi olan şəxslər bu prosesdən yararalana bilmir” - deyə hüquqşunas Müzəffər Baxışov qeyd edib.
Qanunvericiliyə görə, adın, soyadın və ya ata adının dəyişdirilməsi üçün müraciət edən şəxs qeydiyyat orqanının onun barəsində çıxardığı qərarla razılaşmazsa, 5 gün müddətində məhkəməıyə müraciət edə bilər.
Bu prosesi həyata keçirtmək üçün isə dövlət rüsumu 5 manat təşkil edir.