75 yaşlı ağsaqqala ikinci dəfə küçədə səfil həyatı yaşamaq qismət olub.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, qardaşı həyatını itirdikdən sonra səfil həyat tərzi keçirən Arif Mehdiyev 2011-ci ildən Bilgəhdə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət sosial təminat xidmətinin nəzdində müharibə və əmək əlilləri üçün nəzərdə tutulmuş pansionatda yaşamağa başlayıb.
Dediyinə görə, 4 il ərzində heç bir problem olmayıb. Pansionatda əmək fəaliyyəti ilə də məşğul olurmuş. Özünün də etiraf etdiyi kimi içki içən imiş. Ancaq az miqdarda. Son bir həftəyə kimi Arif Mehdiyev Pansionatın sakini imiş. Ağsaqqal deyir ki, 7 gün əvvəl müəssisə işçilərilə arasında mübahisə düşüb. Amma vəziyyətin qovulma həddinə gəlib çıxacağını ağlına belə gətirməyibmiş. Di gəl müəssisədən imtina ərizəsini də özü imzalayıb.
“Özləri ərizə yazdılar ki, mən öz xahişimlə çıxıram. Məni məcbur etdilər. Pulum yoxdu, yeməyim yoxdur”- deyə şikayətçi Arif Mehdiyev vurğulayıb.
Məsələnin təfərrüatlarını öyrənmək üçün ağsaqqalla birgə yollandıq Pansionata. Müəssisənin koordinatoru İmam Piriyev Arif Mehdiyevin çıxarılmasının səbəblərini izah etdi. Onun sözlərinə görə, dəfələrlə müəssisə işçiləri Arif Mehdiyevin pansionat qaydalarını pozması ilə əlaqədar şikayət ərizələri yazıblar. Şikayətlərə səbəb isə onun alkaqollu içkilər qəbul etməsi və özünü idarə edə bilməməsi imiş.
Deyilənə görə, Arif Mehdiyev pansionata spirtli içki qəbul edib. Sonra işçiləri kobud şəkildə təhqir edib. Ona görə də müdiriyyət və nazirlik qarşısında məsələ qaldırmışıq ki, həmin şəxs kənarlaşdırılsın” – deyə koordinator İmam Piriyev qeyd edib.
İmam Piriyev onu da dedi ki, bu hal ilk dəfə deyil. 4 il ərzində demək olar ki, bu cür vəziyyət hər gün yaşanırmış. Məsələnin həlli yolu da onun müəssisədən uzaqlaşdırılması olub. Buna baxmayaraq qurum rəsmisi ağsaqqalın çölə atılmayacağını bildirdi. Nazirliklə danışıqlar aparıldıqdan və alınmış qərardan sonra 75 yaşlı kişinin digər müəssisələrdən birinə yerləşdirilməsi nəzərdə tutulub.