Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması da planlaşdırılıb.
Bundan başqa, Azərbaycanda 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib.
Bu, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunub.
Strateji hədəf və tədbirlər sırasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi yer alıb.
Qeyd edək ki, dünən prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət başçısı Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə Dövlət Strategiyasını təsdiq edib.
Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.