Araşdırma və təhlillər göstərir ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 1999-cu ilin əhalinin siyahıyaalınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub.
2009-cu ildə əhalinin siyahıyaalınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı ailələr 529 000 (40,3%), 3 uşaqlı ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%).
Rəqəmlərdən də bəlli olur ki, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 4 və daha çox uşaqlı ailələrin sayı isə azalıb. Ekspertlər deyirlər ki, bu tendensiya davam edərsə, növbəti əhalinin siyahıyaalınmasında fərq bir qədər də dərinləşəcək.
Bir çox Avropa ölkələrində çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir.
Azərbaycanda isə çoxuşaqlı ailələrə dövlət tərəfindən güzəşt və imtiyazlar yoxdur.
Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan “Sosial müavinətlər haqqında” qanun layihəsinin qəbulu gözlənilsə də, Milli Məclis bu yaxınlarda sənədi plenar iclasda müzakirəyə çıxarmaqdan imtina etdi. Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.