İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:
"İsmayıllı-Qəbələ avtomobil yolunun 12-ci kilometrliyində, rayonun Topçu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1 nəfər (kişi) 12.09.2026-cı il tarixində saat 23:20-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Daxil olarkən vəziyyəti ağır olaraq qiymətləndirilib.
Ona hər iki yuxarı ətrafın 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hadisə nəticəsində 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb".
Şükufə Süleymanlı
İsmayıllı rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb və sərnişin, həyat yoldaşı 31 yaşlı Münəvvər Abdullazadə həyatını itirib.
Hadisə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda baş verib
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Samir Əli
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Zərdabda KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanmışdı. Hadisə nəticəsində 5 nəfər yanaraq həlak olmuşdu.