Azərbaycanda qaraciyər xəstəlikləri arasında hepatit C və B viruslu xəstəliklər daha çox yayılıb.
Oxu.Az xəbər verir ki, bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova mərkəzdə keçirilən “Hepato-qastroenteroloji günü” seminarı öncəsi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə eyni zamanda bu cür viruslu xəstəliklərin ağırlaşması nəticəsində qara ciyər serrozu və qara ciyər xərçəngi yetəri qədər yayılıb.
Arzu Yusifova hepatit C və B viruslu xəstəliklərin yaranma səbəblərinə də toxunub.
“Hepatit B və C virusları ən çox tibbi müəssisələrdə yetəri qədər sterilizə edilməmiş alətlərdən istifadə, narkotik vasitələrə aludəçilik və qorunmamış cinsi əlaqə nəticəsində yaranır. Hepatit C virusu həmçinin qan və plazma köçürülən zaman da yayılır. Belə ki, əgər donorda bu xəstəlik varsa, digər insan da bu virusa yoluxa bilir.
Adətən qan köçürülən pasientin bu virusa yoluxmasından xəbəri olmur və sonradan bu yoluxma serroza keçir. Lakin bu viruslar müalicə olunandır. Zamanında müalicə olarsa, xəstəlik serroza keçmir”, - deyə həkim bildirib.
Qeyd edək ki, Türkiyədən dəvət olunmuş tanınmış həkim və professorların iştirak etdiyi “Hepato-qastroenteroloji günü” seminarında qastroenterologiya sahəsində aktual məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən RDM-in direktoru Cavid Abdulqədirov seminarın təcrübə mübadiləsi baxımından vacibliyindən danışaraq qeyd edib ki, bu cür tədbirlər Azərbaycan həkimlərinin daha böyük nailiyyətlər əldə etməsinə töhfə verir.