Bu gün Respublika Talassemiya Mərkəzində Azərbaycanda keçirilmiş ilk ilik nəqli əməliyyatına həsr edilmiş mətbuat konfransı keçirilib.
Azərbaycan həkimləri Belarusiya mütəxəssisləri ilə bərabər qohum donorlardan üç pasientə ilik nəql ediblər. Əməliyyatlar uğurlu keçib. Bu, bizim tibb işçiləri üçün böyük uğurdur.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Talassemiya Mərkəzinin rəhbəri Rauf Rzayev bugünkü mətbuat konfransının açılışında bildirib.
Onun sözlərinə görə, ilik nəqli dünyanın cəmi 16 ölkəsində aparılır. MDB ölkələrindən yalnız üçündə - Rusiya, Belarusiya və Ukraynada bu əməliyyat aparılır.
“Azərbaycan mütəxəssisləri Belarusiya tibb işçiləri ilə əməkdaşlıq qurublar, nəticədə bu layihəni bizim ölkədə də realizə etmək mümkün olub”.
R.Rzayevin sözlərinə görə, Belarusiya belə əməliyyatlar sahəsində artıq 21 illik təcrübəyə malikdir. Belarusiya həkimləri bu qəbildən olan əməliyyatları 1986-cı ildə Çernobıl hadisələrindən sonra leykoz xəstələrinin sayı artdığı üçün keçirməyə məcbur idilər. Belə ki, Belarusiya 1993-cü ildən Almaniyadan olan həkimlərin dəstəyi və rəhbərliyi altında ilik nəqli əməliyyatları aparmağa başladılar.
O, qeyd edib ki, bu əməliyyat leykozun, aplastik anemiya, talassemiya və digər ağır xəstəliklərin müalicəsi üçün böyük məna kəsb edir.
R.Rzayev qeyd edib ki, ilik nəqli əməliyyatı Azərbaycanda dövlət hesabına aparılır, yəni pasientlər tamamilə pulsuz əməliyyat edilirlər.
Respublika Talassemiya Mərkəzinin İlik köçürülməsi şöbəsinin rəhbəri Nərgiz Əliyeva qeyd edib ki, əməliyyat üçün 10 nəfər növbə gözləyir.
“Növbəti əməliyyatları bu ilin oktyabr ayının əvvəlində keçirmək planlanıb”.
N.Əliyeva qeyd edib ki, donor yalnız pasientlərin yaxın qohumları ola bilər, yəni doğma bacı və ya qardaş ola bilər.
“Əgər donor doğma bacı və ya qardaş olarsa əməliyyatın uğurlu keçməsinə zəmanət verilir, çünki ilik bu zaman daha yaxşı adaptasiya olur. Amma donor başqa qohumlar və ya yad adamlar olarsa əməliyyatın uğurunu 50-50-yə dəyərləndirmək olar. Belə əməliyyatlar hələ ki, yalnız xarici ölkələrdə aparılır”.
Reabilitasiya dövrünün nə qədər çəkdiyini soruşduqda N.Əliyeva cavab verib ki, orta hesabla bu, 60 gün çəkir.
“Gələcəkdə Azərbaycan Ümumdünya Donor Fondunda iştirak etməyə ərizə verməyi planlayır, bu isə qohumları arasında uyğun gələn donorun olmadığı pasientləri də əməliyyat etmə imkanı yaradacaq. Bunun üçün isə Azərbaycanda ən azı 100 belə əməliyyat keçirilməlidir”, - R.Rzayev bildirib.
Gülnarə Zeynalova
www.oxu.az