Başlanğıc mərhələdə kart sistemi yalnız 500 avtobusda tətbiq olunacaq, lakin paytaxtda 2500-dən çox avtobus olduğu üçün sistemə tam keçidin təmin olunması vaxt tələb edir. Buna görə də, kart sisteminə keçid proqramı 2013-2014-cü illəri əhatə edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Həsənovun sözlərinə görə, yeni ödəniş sisteminə keçid avtobus sürücüləri üçün konkret aylıq maaşın təyin olunması ilə üst-üstə düşəcək. Danışıqların yekunlarına əsasən, daşınmanı həyata keçirən şirkətlər avtobus sürücülərinə aylıq 700-800 manat maaş ödəmək barədə razılıqlarını bildiriblər.
Güzəştlərin tətbiqi məsələsinə toxunan Həsənov qeyd edib ki, avtobuslarda tələbələr, müharibə iştirakçıları üçün güzəştlərin tətbiqi, həmçinin müəllimlər, həkimlər, jurnalistlər və əhalinin digər təbəqələri üçün güzəştli kartların buraxılması barədə təkliflər var.
“Bu variantlar öyrənilir, çünki bunun üçün böyük xərc tələb olunur və ilk növbədə bu işdə daşınmanı həyata keçirən şirkətlər maraqlı deyillər, çünki onlar avtobusların alınması, onlara xidmət, sürücülərin əmək haqlarının ödənilməsi və sair bu kimi böyük xərclər çəkirlər” – deyə, Həsənov vurğulayıb.
www.day.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin