Dənizkənarı Bulvar İdarəsində yeni il günü şaxta baba və qar qız olmaq istəyənlər həmişə olduğu kimi, bu il də testdən keçiriləcək.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, yalnız testdən keçənlər bayramda şaxta baba və qar qız kimi fəaliyytə göstərə biləcəklər.
Artıq 3 ildir ki, şaxta baba və qar qız olmaq istəyənlər testdən keçirilir. Dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, şaxta baba və qar qız fəaliyyəti göstərən insanların görkəmi, geyimləri və intellektləri fərqli olmalıdır. Onlar balacalarla asan dil tapmağı bacarmalıdırlar.
Şaxta baba və qar qız olmaq istəyənlərin müraciətindən sonra onlar testdən keçəcəklər. Testdən keçənlər isə onlara verilən bu şansdan bəhərlənə biləcəklər. İmtahandan keçə bilməyənlərin isə şaxta baba və qarqız kimi fəaliyyətinə imkan verilməyəcək.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov: “Hər il bizə müraciətlər edilir. Biz onlar arasında seçim edirik. Onlar yoxlanılır. Hələki müraciət edən olmayıb. Müraciətlər həmişə 20-sindən sonra başlayır”.
Dekabr ayının 31-də Dənizkənarı Bulvar İdarəsinin ərazisində 10 yolka quraşdırılacaq və hər yolkanın yanında 10 şaxta baba və qar qız dayanacaq.