Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 24-də keçirilmiş iclasında 31 may – Ümumdünya tütünsüz gündə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa haqqında qanun layihəsini müzakirəyə çıxarmağı təklif edib.
Bu barədə Trend-ə istinadən Day.Az xəbər verir.
“Çox vacibdir ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa haqqında qanun layihəsin mayın 31-də parlamentin müzakirəsinə çıxarılsın. Biz, bu məsələ ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq. Bu qanunun müzakirəyə çıxarılması və qəbulu çox vacibdir. Bu müzakirələrin başlaması Ümumdünya Tütünsüz Gündə problemin həlli üçün verə biləcəyimiz ən yaxşı töhfə olacaq” – deyə, deputat vurğulayıb.
Paşayevanın sözlərinə görə, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qadağa haqqında qanunun qəbuluna ehtiyac var.
“Parlamentin sosial siyasət komissiyası “İctimai yerlərdə siqaret çəkilməsinə qadağa haqqında” qanun layihəsini hazırlayıb. Belə qanunun qəbuluna ehtiyac var. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsinin qorunması üçün ictimai yerlərdə siqaret çəkməyə qadağa haqqında qanunlar qəbul edirlər. Bizdə bu məsələ ilə bağlı hazır qanun layihəsi var və onu mayın 31-də, Ümumdünya Tütünsüz Gündə qəbul etmək çox yaxşı olardı” – deyə, deputat vurğulayıb.
www.day.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin