Azərbaycanda qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün yeni əməliyyat həyata keçirilib. Bu əməliyyat ilk dəfə olaraq, Respublika Diaqnostika Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri, professor Ahmet Memis və İntervension radioloq uzman Ağakişi Yəhyayev tərəfindən aparılıb.
Respublika Diaqnostika Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, xəstədə qida borusu varislərindən təhlükəli qanaxmanın təcili şəkildə dayandırılması üçün onun qaraciyərinin portovenoz sistemində klassik TİPS (transjugular İntrahepatik Portosistemik Shunt) prosedurunun alternativi olan PİPSS (Perkutan İntrahepatik Portosistemik Shunt) əməliyyatı aparılıb. Bu əməliyyat xəstənin bud venasından iki millimetrlik deşik vasitəsi ilə açıq cərrahiyyə əməliyyatına ehtiyac duyulmadan gerçəkləşdirilib.
TIPS dərindən keçmə yolu ilə qaraciyər içində portal və sistematik qan damarlarının arasında şunt açılma əməliyyatı deməkdir. Burada qaraciyər və qapı venalarının şaxələrin arasında, bir iynə vasitəçiliyi ilə əlaqə təmin edilir və beləcə portosistemik bir şunt yaradılmış olur. Bu əməliyyat üçün ümumi anesteziya, yaxud açıq cərrahi əməliyyat lazım olmur. TİPS-in aparılması üçün iki şərtin olması mütləqdir. Bunlardan biri xəstənin cərrahi şunt üçün uyğun olmaması, digəri isə prospektiv olaraq, təsirsiz skleroterapiya şərtinin olmasıdır.
TİPS proseduru zamanı vena və şaxələrı içərisində təzyiq artması, qaraciyər xəstəlikləri və ya ekstrahepatik vaskulyar sistem anatomiyasını pozan vəziyyətlər görünür. Xəstəlik zamanı venada artmış təzyiq nəticəsində kollateral dövranda durğunluq meydana gəlir.
Bu durğunluq özünü ən təhlükəli forma olan ezofagoqastrik varikozlar, assit, hipersplenizm və ya ensefalopatiya şəklində göstərir.
Varikoz qanamaları portal hipertenziyanın ən kəskin nəticələrindən biridir. Bu xəstəliyin müalicəsində bir çox metodlar istifadə edilir. Endoskopik skleroterapiya hazırda varikoz qanamalarının müalicəsində istifadə edilən standart müalicə yoludur.