Azərbaycanda süd vəzisi xərçəngi cavanlaşıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanovun bildirdiyinə görə, əvvəllər Azərbaycanda qadınlar arasında süd vəzisi xərçənginə 55-65 yaşlı qadınlar arasında rast gəlinirdisə, bu gün artıq bu xəstəliyə daha çox 45-50 yaşlı insanlar arasında rast gəlinir.
Bu isə süd vəzisi xərçənginin cavanlaşdığını göstərir:
“Əvvəllər biz 25-28 yaşlı qadınlar arasında süd vəzisi xərçənginə tutulma halına rast gəlmirdik. Ancaq indi hər il 22-28 yaş arasında olan azı 10-12 xəstə görürük. Bu, hədsiz dərəcədə acınacaqlı haldır”.
S.Qurbanov deyib ki, digər xəstəliklərdən fərqli olaraq, yaş amili süd vəzisi xərçəngində çox mühüm rol oynayır. Çünki yaş nə qədər az olarsa, xəstəlik bir o qədər aqressiv keçir. Şiş cavan yaşlarda nə qədər tez aşkarlanarsa, bir o qədər tez başqa orqanizmləri zədələyərək sıradan çıxarır və müalicəyə daha az tabe olur.
Şöbə müdiri deyib ki, Azərbaycanda irsi amillər nəticəsində onkoloji xəstəliklərə tutulmaqdan ehtiyatlanan insanlar artıq bu xəstəliyə tutula bilib-bilməyəcəklərini əvvəlcədən, profilaktik məqsədlə yoxlaya bilərlər.