Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın baş infeksionisti: “Koronavirusa yoluxma halları arta bilər” - VİDEO
“Xəstəliyin gedişatından asılı olaraq, koronavirus xəstəsi həyatını bir həftəyə də itirə bilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev “Baku TV”nin canlı efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.
O bildirib ki, xəstəliyə yoluxanların vəziyyəti ilə bağlı konkret fikir söyləmək çətindir:
“Bəzən həkimlər bu məsələyə doğru yanaşmır. Koronavirusa yoluxan xəstənin fərdi xüsusiyyətlərindən və prosesin gedişatından çox şey asılıdır. Vəziyyət ağır gedərsə, xəstəni bir həftə ərzində də itirə bilərik.
Elə də ola bilər ki, xəstəlik inkişaf edər və sonra bu vəziyyətə gətirib çıxarar. Türkiyəli həkimlər qeyd edirlər ki, ölkə üzrə ölüm halları bir faizdir. Məsələn, bəzi ölkələrdə koronavirusdan ölüm halları altı, Çində iki, İtaliyada isə 12 faizə yaxındır. Xəstəlikdən ölüm faizi regiondan asılı olaraq dəyişir. Azərbaycanda koronavirusdan 5 nəfər ölüb.
Bu xəstəlik 80-85 faiz hallarda yüngül keçir. Ağır xəstələrin təxminən beş faizində kritik vəziyyət yaşanır ki, bu zaman ölüm halları müşahidə edilir. Bütün hallarda biz insan həyatından danışırıq, istər bir nəfər ölsün, istərsə də 10-15. Biz hər kəsin sağlamlığını qorumalıyıq”.
C.İsayev xəstəliyin daha çox yaşlı insanlar arasında ölümə səbəb olduğunu qeyd edib:
“Bunun əsas səbəbi yaşlı insanlarda immun sisteminin zəifliyi və paralel olaraq bəzi xroniki xəstəliklərin olmasıdır. Təkcə yaşlılarda deyil, cavanlar arasında da ölüm faktları qeydə alınıb. Hansı insanda ki, immun sistemi zəifdir və orqanizmdə yanaşı gedən xəstəliklər müşahidə edilir, o şəxslər bu xəstəliyi ağır keçirir. Ölüm riski isə nisbətən yüksək olur.
Mövcud vəziyyətdən asılı olmayaraq, insanlar gigiyenik qaydalara riayət etməsələr, təhlükəli vəziyyət daha da artacaq”.
Könül Cəfərli
Rəylər