AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İkinci Fəxri xiyabanda dəfn edilib.
“Report” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
11:44
AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun dəfn olunacağı yer müəyyən olunub.
Oxu.Az xəbər verir ki, akademik bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
10.21
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 06:00 radələrində evində ürək tutmasından vəfat edib.
Qeyd edək ki, R.Məmmədovun 71 yaşı var idi.
Məmmədov Ramiz Mahmud oğlu 1950-ci il fevralın 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildə orta məktəbi bitirib. 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. R.Məmmədov elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb.
1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.
Könül Cəfərli