Hər kəsi imkanları daxilində Somaya yardım aksiyasına qoşulmağa çağırırıq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu millət vəkili Qənimrə Paşayeva Facebook səhifəsində yazıb.
O, az əvvəl qardaş Türkiyədə Somada yaşanan faciədə əziyyət çəkən insanlara dəstək istiqamətində Qızıl Aypara Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdığını qeyd edib.
“Somaya yardım üçün əmək haqqımın bir hissəsini keçirdiyimi bildirdim. Artıq bəzi millət vəkillərimiz, dostlarımız da Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz dəstəyini göstərməyə başlayıblar və inanıram ki, millət vəkillərimizin hamısı Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq. İmkanı olan insanlarımızın da Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına inanır və onları Soma faciəsində əziyyət çəkən insanlarımıza imkanları çatdığı qədər dəstək olmağa çağırıram. Bu bizim ortaq ağrı-acımızdır və cənab prezident başda olmaqla dövlətimiz və xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz kimi paylaşdığımızı bildirib. Qızıl Ayparanın bu nəcib aksiyası bu istiqamətdə önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin başladığı bu önəmli aksiyaya qoşulaq!”.
Qeyd edək ki, Soma faciəsi Milli Məclisin ötən gün keçirilən iclasında da anılıb.