Ukraynanın Luqansk şəhərində bir ay əvvəl itkin düşmüş Luqansk üzrə keçmiş azərbaycanlı deputat Azad Vəliyevin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanovun APA-ya açıqlamasında bildirdiyinə görə, bir ay əvvəl öldürülən meyit o qədər tanınmaz hala düşüb ki, yaxınları onun üzərindəki paltardan A.Vəliyev olduğunu biliblər.
A.Osmanov qeyd edib ki, hazırda meyit Luqanskda ekspertizaya təqdim edilib və ekspertizanın dəqiq cavabından sonra Azərbaycana göndəriləcək: “Onun yaxınları mənə bildirdilər ki, hadisə oktyabrın əvvəlində olduğu ehtimal edilir və meyitin yalnız sümük hissəsi qalıb. Mərhumun qohumları onu üzərindəki paltarın qalıqlarından tanıya biliblər”.
Qeyd edək ki, A.Vəliyev 2006 - 2010-cu illərdə Luqansk vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.
E.Ə.
www.oxu.az