Ukraynanın Kremençuq şəhərinin meri, Azərbaycanın Gəncə şəhərində doğulmuş Oleq Babayevin qatillərinin adını söyləyənə mükafat veriləcək. Merin dostları O.babayevi qətlə yetirən haqqında məlumat verənə 100 min qriven mükafat vəd edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, merin dostları pul yığılması üçün xüsusi fond yaradıblar. "Fonda artıq 100 min qriven (8,5 min dollar) yığılıb. Tanışları zəng edir, yeni vəsaitlər hazırlayırlar ki, cinayətkarlar tapılsın", - deyə Ukraynanın xalq deputatı Yuri Şapoval bildirib.
Milisdən bildirirlər ki, Oleq Babayevin qətli sifarişli olub. Hüquq mühafizə orqanları bir neçə versiya üzərində işləyirlər. Qətl siyasi, biznes və ya məişət xarakterli ola bilər.
Xatırladaq ki, Oleq Babayev bir neçə gün qabaq evinin yaxınlığında öldürülüb. Ona 3 dəfə atəş açılıb. Atəş açan naməlum şəxs və ya şəxslər avtomobillə hadisə yerindən uzaqlaşıblar.