Antalyada yaşayan 28 yaşlı Elmira 2 uşağının atası 33 yaşlı A.H.D tərəfindən təqib edilərək zorakılığa məruz qaldığından qoruma altına alınıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, azərbaycanlı xanım hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsilə müraciət etdikdən sonra məhkəmə bu qərara gəlib.
Elmiranın özəl məktəbdə riyaziyyat müəllimi işləyən keçmiş əri...
Elmira A.H.D ilə 8 il əvvəl oxuduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində tanış olub və onunla ailə qurub. Türkiyəyə köçdükdən sonra ərinin xarakterinin kəskin dəyişdiyini deyən Elmira başına gələnləri belə anlatdı:
“İlk gördüyü iş mənim başımı bağlatdırmaq oldu. Səbəb isə mənim sarışın və göy gözlü olduğumdan Türkiyədəki insanların məni fahişə zənn edə biləcəklərini göstərdi. Onun ardından zorakılıqları başladı. Günlərlə zorakılığa məruz qaldım. Hər hərəkətim günah idi ona görə. Hər gün onun və ailəsi tərəfindən alçaldıldım. Məni döydükdən sonra ən az bir həftə evdə bağlı saxlayırdı, hər cür azadlığımı əlimdən alırdı”.
Zorakılığa məruz qalmasının nəticəsi olaraq boşanmağa qərar verən Elmira ilk üz tutduğu vəkilin “Türkiyədə hər türk kişisi arvadını döyür. Boşansan uşaqlarını ala bilməzsən” sözündən sonra çıxış yolunu Azərbaycana gəlməkdə görür:
“Fürsət tapan kimi 7 və 5.5 yaşlarında olan qızlarımı da götürüb Azərbaycana gəldim. O da mənim ardımdan Azərbaycana gəlib günlərlə məni izləyirmiş. Hara getdiyimi, nə iş gördüyümü təqib edib. Sonda ortaya çıxıb yenidən məni qazanmağa çalışdı. Uşaqlarımın atasız böyüməməsi üçün ona şans vermək istədim. Amma zamana ehtiyacımızın olduğunu söylədikdən sonra, uşaqları Türkiyəyə qaçırtdı. 2 il uşaqlarımın üzünü görə bilmədim. Boşanmaq üçün məhkəməyə üz tutdum”.
Azyaşlı uşaqlarını görmək ümidilə yenidən Antalyaya gələn Elmira, dolanmaq üçün işləmək məcburiyyətində qalır. Lakin əri hər dəfə onu taparaq işlədiyi yerin sahiblərini təhdid etdiyindən iş yerlərini itirir. Azərbaycanlı xanım sonuncu dəfə vəkil bürosunda tərcüməçilik işinə düzəldiyini, lakin bir müddət sonra ərinin yenə onu izləyərək tapdığını deyir:
“Mənimlə danışmaq istədiyini dedi. Söhbət əsnasında mobil telefonumu əlimdən alıb yaddaşda olan bütün nömrələrə zəng vurub “Mənim arvadımla yatırsız” deyərək hamını söydü. Sonra da səhərə qədər məni döydü. Mən “polis” deyə bağırdıqca üzümə yastığı basırdı. Hər dəfə huşumu itirdikdə, məni döyərək ayıldırdı. Səhər açıldıqda məni buraxıb çıxıb getdi. Dayanmadan şikayət etmək üçün ailədaxili zorakılıq prokurorluğuna üz tutdum. Orada mənə qulaq asdıqdan sonra ailə içində belə şeylərin olduğunu deyib şikayətimi qəbul etmədilər. Mühafizə tələbilə polis idarəsinə müraciət etdim. Polis bu tələbimi 1 həftə sonra müstəntiqə göndərdi. Polisdən bir şey soruşduqda mənə əsəbiləşərək, sual verməməyimi tələb edirdi”.
Elmira 16 iyulda Antalya Elmi Araşdırma Xəstəxanasının poliklinikasından zorakılığa məruz qalması haqqında arayış alır. Antalya Baş İstintaq Ailədaxili Cinayətlərin istintaq bürosu Mərkəzi Polis İdarəsinə yazaraq şikayət ərizəsinə baxılaraq, hadisənin araşdırılmasından sonra zərərçəkmişin qadın sığınacaq evinə yerləşdirilməsini istəyib.
Antalya Ailə Məhkəməsi 24 iyulda Ailənin Qorunması və Qadına qarşı zorakılığın qarşısının alınması ilə bağlı qanun çərçivəsində qərar qəbul edir. A.H.D-yə xəbərdarlıq edilir və 3 ay boyunca Elmiranın evinə, iş yerinə və yaxınlarına yaxınlaşmaması tapşırılır.
Uşaqlarının ona verilməsi üçün Türkiyə dövlətindən kömək gözlədiyini deyən Elmira sözlərini belə tamamladı:
“Artıq özümə və uşaqlarıma yeni həyat qurmaq istəyirəm. Kabus kimi arxamca gəzən bu adamdan qurtulmaq istəyirəm”.