Azərbaycanda əhalinin sərbəst danışdığı dillər açıqlanıb.
Oxu.Az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
DSK-nin ölkə üzrə keçirilmiş əhalinin son siyahıyaalınması (2019) göstəricilərinə əsasən, Azərbaycan əhalisinin dil bilikləri və etnik qruplar üzrə ana dili göstəriciləri məlum olub.
Hesabat dövründə ölkə əhalisinin ümumi sayı 9 milyon 951,4 min nəfər təşkil edib. Ölkə üzrə əhalinin 98,6%-i mənsub olduğu millətin dilini ana dili hesab edir, 99,6%-i isə Azərbaycan dilində sərbəst danışa bilir.
Azərbaycan əhalisinin ümumilikdə 7,5%-i rus dilində sərbəst danışır. Rus dilini sərbəst bilənlərin ən yüksək payı tatarlar (97,8%), ukraynalılar (90,2%), udinlər (82,2%), yəhudilər (71,9%) və ləzgilər (38,9%) arasında qeydə alınıb. Azərbaycanlılar arasında rus dilində sərbəst danışanların payı 5,7%-dir.
Azərbaycanlıların 1,3%-i ingilis dilində sərbəst cavab vermək və ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Yəhudilərin 8,6%-i, ukraynalıların 5,3%-i və rusların 4,8%-i ingilis dilində sərbəst danışır.
Ölkədə yaşayan etnik qrupların böyük əksəriyyəti dövlət dilini mükəmməl bilir. Buduqların 99%-i, xınalıqlıların 98,1%-i, tatların 97,9%-i, kürdlərin 97,1%-i, ləzgilərin 96,1%-i, talışların 95,6%-i və türklərin 94,2%-i Azərbaycan dilində sərbəst danışır.
