“Komitəyə gündəlik daxil olan sorğular olur. Hazırda qadın və uşaqların zorakılığa məruz qalması ilə bağlı müraciətlərin artıb-azalması ilə bağlı söz demək çətindir”.
Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son dövrdə qadın və uşaqlar arasında zorakılıq hallarında artımın müşahidə edilib-edilmədiyinə dair sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu proseslər komitənin, eləcə də aidiyyəti qurumların gündəlik fəaliyyət sahəsini əhatə edir:
“Cəmiyyət bunun bir qismini görür, bir qismini isə yox. Burada müsbət nəticələr də var, neqativ hallar da. Biz bu işlərlə məşğuluq. Məqsədimiz görülən işləri bütün incəlikləri ilə ictimaiyyətə çatdırmaq deyil, problemin kökünü araşdırmaqla tam həllinə nail olmaqdır. Lakin cəmiyyətin narahatlığına səbəb olan hadisələrlə bağlı zəruri informasiyaların, açıqlamaların verilməsini təmin edirik. Konkret hallar konkret yanaşma tələb edir. Bu proseslərdə komitə ilə birgə fəaliyyət göstərən aidiyyəti qurumların da zəhməti var. Xüsusilə məsələni gündəmdə saxladığı üçün media nümayəndələrinə, ictimaiyyətə də təşəkkür edirik. İctimaiyyətin bu məsələyə həssas yanaşmasını və haqlı narazılıqlarını başa düşürük. Lakin unutmayaq ki, bütün məsələlər müəyyən çərçivədə ictimaiyyətin müzakirəsinə çıxarıla bilər. Çünki bəzən bu müzakirələr mövcud problemin özündən daha dərin problemlərə yol aça bilir”.
Könül Cəfərli