"Uşaqların sığınacaqlara yerləşdirilməsi yalnız sonuncu alternativ olmalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
O bildirib ki, dünyaya uşaq gətirilməsi çox böyük məsuliyyətdir:
"Biz istəyirik ki, heç bir uşaq ailəsindən ayrı düşməsin. Valideynlər unutmamalıdırlar ki, dünyaya uşaq gətirmək çox böyük məsuliyyətdir. Bu, bir insanın taleyinə və gələcəyinə birbaşa təsir edən addımdır. Əgər ailə müəyyən çətinliklərlə üzləşirsə, uşağı tərk etmək, küçəyə atmaq, yaxud məsuliyyətdən qaçmaq çıxış yolu deyil. Dövlətin və ictimai təşkilatların bunun üçün yaratdığı dəstək mexanizmləri var və bu qurumlara müraciət etmək mümkündür.
Bu məsələlərdə həm də milli kimliyimiz, milli-mənəvi dəyərlərimiz böyük rol oynayır. Uşaqlar yalnız ailənin deyil, həm də dövlətin himayəsində olmalıdır. Konstitusiyaya görə, uşaq hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Bu baxımdan, uşaqlar üçün sığınacaqların, uşaq evlərinin və sosial xidmət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi vacibdir".
Komitə sədri vurğulayıb ki, regionlarda belə mərkəzlərin sayının artırılmasına ehtiyac var:
"Biz hesab edirik ki, regionlarda belə mərkəzlərin sayının artırılmasına, onların şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Lakin təbii ki, onların reallaşdırılması üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Bütün hallarda əsas məqsədimiz odur ki, uşaqların rifahı, təhlükəsizliyi və sağlamlığı daim diqqət mərkəzində saxlanılsın. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Aygün Mirakif