Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib - FOTO/VİDEO
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə BŞİH-in, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərləri, Nazirlər Kabinetinin şöbə müdiri, Milli Məclisin deputatları, elm, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər, tanınmış ictimai xadimlər, QHT nümayəndələri, paytaxtın qəsəbələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dekabrın 30-da Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planı təsdiq edilib:
“Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafının ümumi strategiyası kimi qəbul olunur”.
Tədbirin davamında Bakı şəhərinin yeni Baş planına dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.
Təqdimatda çıxış edən Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə nümayəndəsi İlqar Müqbilov, memar Nəriman İmaməliyev və başqaları Baş plana dair öz fikir və düşüncələrini bölüşüblər.
Bildirilib ki, yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan Baş plan paytaxtımızın gələcək inkişafı üçün çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək irimiqyaslı işlər şəhərin gələcək inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və s. barədə məlumatlar öz əksini tapıb.
Çıxışçılar Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində görülən işlər və göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir:
- şəhərin dayanıqlı inkişafı,
- şəhər və ətraf mühitin bərpası,
- memarlıq irsinin qorunması,
- yeni şəhər iqtisadiyyatı formalaşdırılması.
Belə ki, Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, hibrid yaşıl dəhlizlərin yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Sənəddə bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
- Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
- COP29-da birinci xanımların iştirakı ilə konfrans keçirilib
- Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım edib
- Mehriban Əliyeva COP29 Liderlər Sammitinin açılış mərasimi ilə bağlı paylaşım edib
Rəylər