Bakının Nəsimi rayonunda, Şamil Əzizbəyov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, "Yeni Ailə" MTK-ya məxsus yaşayış binasının sakinləri elektrik enerjisinin mütəmadi kəsilməsindən şikayətçidirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Şikayətçinin sözlərinə görə, MTK-nın binanın elektrik enerjisinə görə yaranmış borcunu ödəməməsi səbəbindən hər ayın sonunda bloklardan birinin işığı kəsilir.
"Neçə ildir ki, binanın tikintisi başa çatdırılmayıb. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmayıb. Binada yaşlılar, azyaşlı uşaqlar və xəstə insanlar yaşayırlar. Elektrik enerjisinin kəsilməsi xüsusilə 16 mərtəbəli binanın yuxarı mərtəbələrində yaşayan sakinlər üçün ciddi çətinlik yaradır. Hər ay elektrik enerjisinə görə onlardan pul yığılsa da, MTK yaranmış borcu ödəmədiyindən "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilişi dayandırılır. Mənzillərdə fərdi elektrik sayğacları da quraşdırılmayıb. Elektrik enerjisinin tez-tez kəsilməsi istilik sistemlərindən və liftdən istifadəyə mane olur", - deyə şikayətdə bildirilib.

Oxu.Az-a açıqlamasında "Yeni Ailə" MTK-nın satış meneceri Şahin Vəliev bildirib ki, sözügedən binada kommunal ödənişlərlə bağlı problem yoxdur.
O qeyd edib ki, binanın tikintisinin gecikməsinin və yaranan problemlərin ən başlıca səbəblərindən biri tikintinin pandemiya dövrünə düşməsi olub.
"Demək olar ki, iki ilə yaxın orada iş tam dayandırılmışdı. Bu səbəbdən işlər ləngidi və bu qədər uzandı. "Yeni Ailə" MTK pilot layihə çərçivəsində tikilmiş binadır. Binaya vətəndaşların köçürülməsindən aidiyyəti qurumlar xəbərdardırlar. Başqa cür bu, mümkün də deyil. Müvafiq qurumların tələblərinə görə icazə verilib köçürülməyə. Hazırda binaya mavi yanacaq da, su da verilib, sayğacları da qoyulub. İşıq da çəkilib. Sadəcə işıq sayğaclarının qoyulmasında kiçik problem yaranıb ki, o da növbəti həftə ərzində öz həllini tapacaq. Müəyyən hallarda işıqların sönməsi də bununla bağlıdır. Sönür, qısa müddət sonra yanır. Binada kommunal ödənişlərlə bağlı, demək olar ki problem yoxdur. Binanın həyətində tamamlanmamış işlər var, layihə çərçivəsində onlar da öz həllini tapacaq və yaxın vaxtlar ərzində işlər yekunlaşıb tam təhvil veriləcək", - deyə Ş.Vəliyev bildirib.