Paytaxtın “Bakıxanov” parkı acınacaqlı vəziyyətdədir. Belə ki, 1980-ci illərdə salınan yaşıllıq ərazisində heç bir abadlıq işi aparılmayıb.
Oxu.Az-ın əməkdaşları “Bakıxanov” parkı kimi tanınan meşəlik ərazisində olublar.
Parka daxil olan zaman antisanitar vəziyyətlə qarşılaşırıq. Yaxınlıqdakı ərazinin sakinləri, obyekt sahibləri məişət tullantılarını buraya atırlar.
İçəriyə doğru irəlilədikcə maşın səsləri eşidilməz olur. Sanki bura səs-küylü paytaxt ərazisində yerləşən park deyil, dağlıq yerdir.
Parkda irəlilədikcə kəsilmiş, qurumuş, üst qabığı soyulmuş ağaclara rast gəlirik. Eyni zamanda, park üç-dörd mərtəbədən ibarət əzəmətli villalarla əhatə olunub.
Ağacların birinə “Meşədə ocaq qalamaq qadağandır” plakatı vurulsa da, yanmış ağaclara da rast gəlirik.
Ərazidən keçən içməli su borusu partlayıb və gölməçə yaradıb.
İçməli su israf olunur, partlayan boru isə düzəldilmir.
“Bakıxanov” parkı həm də kimsəsiz, narkotik vasitələri qəbul edən insanların da yaşayış yeridir.
Bunu oradakı adamlardan, parkda gördüyümüz əşyalardan bilmək olur.
Öyrənirik ki, park Sabunçu Rayon İcra hakimiyyətinin ərazisinə düşür. Qurum da burada abadlıq işi aparmaq üçün cəhd göstərmir... Halbuki, buraya böyük xərc qoymadan da gözəlləşdirmək olar.
Ərazi küçə itlərinin də məskəninə çevrilib. Çəkiliş aparan zaman yanımıza ən azı 20 it yaxınlaşdı.
Buraya kimsə tək gəlsə, çox təhlükəli vəziyyətlə qarşılaşa bilər.
Parkda kəsilmiş, yanmış ağaclarla yanaşı, yaxın illər ərzində əkilən minlərlə ağaca rast gəlmək mümkündür. Amma həmin ağaclardan da quruyanları var...
Orada olduğumuz müddətdə təzə əkilən ağaclara qulluq edən bir nəfər də olsun bağban rastımıza çıxmır.
Demək ki, qurumlar bu qədər gözəl yaşıllıq ərazidə insanların istirahəti üçün abadlıq işləri aparmaqda maraqlı deyillər. Əgər qurumlar üçün bura maraqlı olsaydı, ən azından, paytaxtın bu cür yaşıllıq ərazisindəki ağaclara baxmağa bir-iki nəfər bağban yönəldə bilərdilər.
“Bakıxanov” parkının bu cür baxımsız vəziyyətdə qalması paytaxt üçün böyük itkidir. Meşə tipli park salınsa, ətrafdakı insanların istirahət guşəsi olar.
Sakinlər isə bildirirlər ki, bu cür yaşıllıq ərazini məhv edib, yerində yan-yana çoxmərtəbəli binalar tikəcəklərsə, elə bu cür qalsa, yaxşıdır...
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər