Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda anası tərəfindən zibil qutusuna atılan körpənin tapılma GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
Bakıda anası tərəfindən zibil qutusuna atılan 10-15 günlük körpənin tapılmasının görüntüləri yayılıb.
Kadrlar Baku TV tərəfindən paylaşılıb.
Videoda iki şəxsin zibil qutusundan körpəni çıxartması əks olunub.
Həmin görüntüləri təqdim edirik:
12:53
Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Belə ki, qadın əlində zibil dolu sellofanla qutuların yerləşdiyi əraziyə gəlib. Qısa müddət ətrafı müşahidə etdikdən sonra ilk olaraq əlindəki zibili, sonra isə körpəsini qutuya ataraq ərazidən uzaqlaşıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 17 iyul 2023-cü il tarixində küçəyə atılan körpə Bakı Şəhər Sabunçu rayonu 12-ci polis bölməsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 nömrəli körpələr evinə qəbul edilib. Körpə qəbuldan sonra tibbi müayinədən keçirilməsi üçün 2 saylı Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasına göndərilib.
12:37
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə atılan 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib:
“Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır”.
11:57
Bakıda küçəyə atılan 10-15 günlük uşağın yerləşdirildiyi xəstəxana məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, körpə Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.
10:12
Daxili İşlər Nazirliyi Bakıda küçəyə atılan 10-15 günlük körpə barədə açıqlama verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub:
“Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam edir”.
09:29
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.
09:08
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
APA xəbər verir ki, Sabunçu rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Uşaq hazırda körpələr evinə yerləşdirilib.
Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.
İlhamə Əbülfət
Rəylər