Artıq bir neçə gündür ki, Bakıda küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Belədə ictimai nəqliyyatda istilik sisteminin işlək vəziyyətdə olması xüsusi əhəmiyyət daşıyır.
Havanın temperaturunun aşağı olmasına baxmayaraq, bəzi marşrut avtobuslarında istilik sistemi hələ də işə salınmayıb. Sərnişinlərin şikayətlərinə əsasən, M8, 150 və 172 nömrəli marşrutlarda istilik sistemi aktiv deyil.
Bəs avtobuslarda istilik sistemlərinin işə salınması ilə bağlı daşıyıcılara müvafiq göstəriş verilibmi?
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, daşıyıcı şirkətlərə istilik rejimi ilə bağlı göstərişlər verilib:
"AYNA tərəfindən daşıyıcılara payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə məktub göndərilib. Avtobuslarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi tapşırılıb. Hazırda avtobusların salonunda temperatur rejimi hava şəraitinə uyğun olaraq tənzimlənir".