Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda avtomobilin qatara çırpılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB + FOTO
“Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, 16.04.2024-cü il tarixində 3 nəfər qəza səbəbilə təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.
“Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə yerləşdirilən 2000-ci il təvəllüdlü (kişi cinsli) şəxsə isə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda tibb müəssisəsinin Travma-ortopediya şöbəsində stasionar müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qapalı kəllə-beyin travması, çənə sümüyünün açıq sınığı, üzün cırılmış yarası diaqnozları ilə gətirilən 2000-ci il təvəllüdlü (kişi cinsli) şəxsə və sol əlin arxa səthinin kəsilmiş yarası, hər iki baldırın əzilmiş-sıyrılmış yarası diaqnozları təyin edilən 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar”.
08:42
Dəmiryol keçidlərində sürücü diqqətsizliyi, bu gün iki qəzaya səbəb olub.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin verdiyi məlumata görə, 16 aprel saat 00:28-də ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən 10-EK-522 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb. Toqquşma nəticəsində avtomobilin sürücüsü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdiriliblər.
Digər bir hadisə isə saat 04:50-də Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan “Toyota Prius” markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Qeyd edək ki, ADY nəqliyyat vasitələrinin sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Qaydaları pozan sürücülər sadəcə 100 manat məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.
Əzizə İsmayılova
Rəylər