Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı – YENİLƏNİB + ANBAAN VİDEO
Bakının Heydər Əliyev prospektində baş verən və beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın baş vermə anının görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə işıq dirəyinə çırpılıb, ardınca isə qarşı hərəkət istiqamətinə düşərək həmin yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobillə toqquşur.
Sözügedən videonu təqdim edirik:
17:05
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin kimliyi məlum olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.
16:34
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.
15:55
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
14:42
Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib:
“Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.
14:38
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
APA xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, “ASK Arena” yaxınlığında qeydə alınıb.
Avtomobillərin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:
“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. Üç nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
13:34
Bakıda ağır yol qəzası olub, üç nəfər ölüb.
“Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “ASK Arena” yaxınlığında qeydə alınıb.
Qəza “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:20
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.
Rəylər