Paytaxtda yerləşən yaşayış binasının blokunda huşsuz vəziyyətdə görüntüləri yayılan şəxs tüfeyli həyat tərzi keçirir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.
Polis mayoru bildirib ki, həmin videodakı şəxs narkotik maddə alüdəçisidir və tüfeyli həyat tərzi keçirir:
“Qeyd edilən ünvanda, ümumiyyətlə Yasamal rayonu ərazisində bu tipli həyat tərzi keçirən şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə, eləcə də ehtiyac olduğu təqdirdə məcburi müalicəyə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən nəzarət daha da gücləndirilib. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək”.
14:12
Bakıda yaşayış binalarından birinin bloku narkotik istifadəçilərinin məskəninə çevrilib.
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Zivərbəy Əhmədbəyov 39 ünvanından gedir.
Belə ki, sözügedən ünvanda yerləşən beşmərtəbəli binalardan birində yaşayan vətəndaşın lentə aldığı görüntülərə görə, narkotik maddə qəbul edən şəxs blokda huşsuz vəziyyətdə qalıb.
Vətəndaş paylaşımda onu da qeyd edib ki, binanın giriş qapısına kod qoyulsa da, narkotik istifadəçiləri bir yol tapıb içəri daxil olurlar:
“Bu gün uşaqları məktəbə yola salıb qayıtdıqdan sonra gördük ki, blokda narkoman yatıb. İnanın daha bezmişik onların əlindən. Azyaşlı uşaqlarımız var. Evə gəlib-gedəndə uşaqları qorxudarlar deyə narahat oluruq. Nə edəcəyimizi bilmirik”.
Könül Cəfərli