Bakıda "200 Saylı" Mənzil Tikinti Kooperativinə (MTK) məxsus çoxmərtəbəli binanın liftlərinə həbs qoyulub.
"Qaynarinfo"nun məlumatına görə, buna səbəb MTK-nın 40 min dollar və 8 343 manat məbləğində borcunun olmasıdır.
İddiaçı borcunu qaytarmayan MTK-ya məxsus və hazırda istismarda olan iki liftinin üzərinə həbs qoyulması barədə məhkəməyə müraciət edib.
Məhkəmədə iddiaçının MTK-nın əmlakı üzərinə həbs qoyulması barədə iddiası təmin edilib və iki liftin üzərinə həbs qoyulub.
Qeyd edək ki, qanuni təmsilçisi Etibar Söhbət oğlu Fərziyev olan "200 Saylı" Mənzil Tikinti Kooperativindən mənzil alan onlarla insan dələduzluğun qurbanı olub. 2014-cü ildə MTK-nın sədrinə cinayət işi açılıb. Bundan sonra MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarov həbs ediliblər.