Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bununla bağlı FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda” markalı minik və MAN markalı betonqarışdıran avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə qalmış 2 nəfəri və MAN markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
16:05
Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralananlar 1973-cü il təvəllüdlü E.Həsənov, 1975-ci il təvəllüdlü V.Həsənov və 1983-cü il təvəllüdlü Q. Zeynalovdur.
Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub.
Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.
14:46
Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:
“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.
14:08
Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.
Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.
Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı Oxu.Az-a təsdiqləyib:
“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.
İlhamə Əbülfət, Könül Cəfərli