Paytaxtın Nizami rayonu B.Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 12-si saat 00:19-da Nizami rayonu, B.Çobanzadə küçəsi 45 ünvanında Əsəd Eldar oğlu Rəsulovun idarə etdiyi 77-UV-617 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil ilə Asif Məhiyəddin oğlu Qarayevin idarə etdiyi 10-LP-075 dövlət qeydiyyat nişanlı "Porsche" toqquşub.
"Volkswagen" markalı nəqliyyat vasitəsi aşaraq qaz boru kəmərini zədələyib və yanğın baş verib.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonu Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dekabrın 12-si 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B.Çobanzadə küçəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə (kişi) ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin və çanağın küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi zamanı baş verən güclü yanğının görüntüsü ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
"Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı "Volkswagen" və "Porsche" markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub", - məlumatda bildirilib.
Qeyd edilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb, avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.
Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə yerində iki yaralıya tibbi yardım göstərilib, "Porsche"nin sürücüsü isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Porsche"nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.
Belə ki,"Porsche Panamera" və "Suzuki" markalı iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porsche" aşıb. Qəza nəticəsində yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik: