Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Məişət zorakılığında medianın rolu” mövzusuna həsr olunmuş panel keçirilib.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Humay Axundzadə sorğular zamanı respondentlərin yarısı zorakılıq edən şəxsin məsuliyyət daşıdığını bildirib:
“Onlar hesab edirlər, günahkar zorakılıq edən şəxsdir. Bunun əksini düşünənlər, yəni günahın qurbanda olduğunu fikirləşənlər də var. 34 faiz respondent isə hər iki tərəfin məsuliyyət daşıdığını düşünür”.
Onun sözlərinə görə, cəmiyyətdə qurbana münasibətdə müəyyən gender fərqləri var: “Bu fərqlər bioloji deyil, sosial xüsusiyyətlərdən irəli gəlir”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib ki, Azərbaycan mediası zorakılığa səbəb olan əsas amillər, o cümlədən erkən nikah və qadınların təhsildən yayındırması barədə də düşünməlidir: “Bu iki amil gələcəkdə ailə zorakılığına səbəb olan məqamlardandır. Müxtəlif qurumlar bu istiqamətdə müəyyən işlər görürlər. Amma cəmiyyətin özündə də çağırış olmalıdır. Media isə bu işdə mayak rolunu oynamalıdır. Bu məsələdə əsas amillərdən biri də ixtisaslaşmış medianın zəruriliyidir”.
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə Azərbaycanda saxta xəbərlərlə bağlı konkret qanun yoxdur: “Bu məsələ müxtəlif qanunlarla tənzimlənir. Təəssüf ki, ölkəmizdə konkret belə bir qanun yoxdur. Həmçinin dezinformasiyaların növləri hələ də tam müəyyənləşməyib. Düşünürəm ki, getdikcə bu sahədə də səliqə-səhman olacaq”.
11:13
Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günü başlayıb.
Oxu.Az-ın məlumatına görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Almaniya Şlezviq-Holşteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Baş dövlət ittihamçısı Yana Beversdorff, Ədliyyə Akademiyası vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, kiçik ədliyyə müşaviri Günel Sadıqova, ABŞ-nin San-Luis Vaşinqton Universitetində fəlsəfə doktoru, Braun Sosial iş və ictimai səhiyyə fakültəsinin baş elmi işçisi Aytəkin Hüseynli, Böyük Britaniya Vestminster Universitetinin sosial elmlər üzrə məruzəçisi Yemisi Sloane, İngiltərə Esseks Universitetinin doktorantı Fərid Ədilov panel müzakirənin çıxışçıları sırasındadırlar.
Konfransın birinci paneli “Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı” mövzusuna həsr edilib.
İkinci panel isə məişət zorakılığının qarşısının alınması və reabilitasiya tədbirlərinin həyata keçirilməsində QHT-lərin rolu istiqamətində davam edəcək.
İlhamə Əbülfət