“Azyaşlı uşağa maşın idarə etməyə şərait yaratmaq onu çox istəmək demək deyil əksinə bu həmin uşağın tərbiyəsinə birbaşa mənfi təsir etmək və onu təhlükə qarşısında qoymaqdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, yol hərəkəti qaydaları kimi həyati əhəmiyyətli qaydaları pozmaq, cəmiyyətə mənfi nümunə olmaq yolverilməzdir:
“Sürücülük hüququ olmadan avtomobil idarə etmək kifayət qədər kobud qayda pozuntusudur, qaldı ki, azyaşlı uşağa sükan əmanət etmək. Qanunla 12 yaşı tamam olmayan uşağın avtomobilin ön oturacağında oturması belə qadağandır. Bu təfəkkür, bu cür düşüncəsiz davranışlar sabah o uşaqların yol hərəkəti qaydalarına laqeyd yanaşmalarına zəmin yaradacaq. Uşağın düşüncə tərzinə mənfi nüanslar aşılamaq olmaz. Bunun hüquqi məsuliyyəti var. Ondan əlavə də cəmiyyət özü bu cür məsələlərə qarşı ictimai qınaq formalaşdırmalıdır. Onlara düzgün addımlar aşılanmaq lazımdır. Yanlış istiqamətlərə yönəltmək olmaz. Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır və məsələyə hüquqi qiymət veriləcək. Bundan istifadə edərək cəmiyyəti bu cür yanlış hərəkətlərdən çəkinməyə, belə hərəkətləri “qəhrəmanlıq” kimi ictimailəşdirməyə can atmamalarını tövsiyə edirik. Uşaqlar bizim gələcəyimizdir! Nizamsız-intizamsız cəmiyyət isə yalnız ətrafa təhdiddir. Hər bir kəsi qanunun aliliyi prinsiplərini unutmamağa çağırırıq, çünki sonrakı peşmançılıq fayda verməz!”
10:16
Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, görüntülər “Instagram” sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa “bir az yavaş sür” deyildiyi eşidilir.
Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib.