Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3016-cı məhəllədə yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən sahəsi təxminən 240 kvadratmetr olan restoranın yanar konstruksiyaları yanıb.
Qeyd edilib ki, Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində binanın ümumi sahəsi 440 kvadratmetr olan və ticarət mağazalarından ibarət birinci mərtəbəsi və bitişik obyektlər yanğından mühafizə edilib.
Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
10:34
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
10:17
Bakıda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğınla bağlı “112” “qaynar xətt”ə müraciət daxil olub:
“Nərimanov rayonunda “Elit” Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar. Hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək”.



Könül Cəfərli