Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yataqxanada baş verən yanğın söndürüldü: Xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunublar.
Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12 kv.m sahədə otaq əşyaları və 24 p/m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafizə olunub.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.
Aprelin 6-da saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, hadisə yerinə dərhal doqquz təcili yardım briqadası cəlb olunub:
“İlkin məlumata əsasən, iki nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, iki nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib”.

10:08
Bakıda yataqxana binası yanır.
Lent.az-ın məlumatına görə, hadisə Azərbaycan Dillər Universitetinin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəlib.
Əraziyə yanğınsöndürənlər cəlb ediliblər.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Əzizə İsmayılova