Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, parklar və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, paytaxtımızda yaradılan növbəti istirahət parkı paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" otelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır. Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir:
"Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istiqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman, uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaqdır. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcək.
Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Bu parkın inşası ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir".