Piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə itkilər hesabına başa gəlir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciətində qeyd edilib.
Bildirilib ki, təkcə cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi qəzaların 39.1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib:
"Danılmaz faktdır ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb. Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir".
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.
Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!" - müraciətdə deyilir.