Bakının Səbail rayonunun mərkəzində yerləşən tarixi-memarlıq abidəsi sayılan binada yaranmış ciddi problem sakinlərin narahatlığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, Neftçilər prospekti, 87 ünvanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan qədim yaşayış binasının 6-cı mərtəbəsindəki mənzilin mətbəxinin üzərində yerləşən açıq eyvandan (terrasdan) yağış suları aşağı mərtəbəyə sızır.
Hər yağışdan sonra mənzili su basır, tavanın suvağı tökülür, divarlarda nəmlik və kif yaranır. Su divarların daxilindəki elektrik naqillərinə nüfuz edir ki, bu da ciddi təhlükə deməkdir. Bu zaman qısaqapanma və yanğın təhlükəsi yarana bilər.
Müraciətdə vurğulanıb ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, aylardır problem aradan qaldırılmır.



Oxu.Az-ın sorğusuna cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, tarixi binaların dam örtüklərinin, fasadlarının və balkonlarının yenilənməsi üzrə sistemli işlər həyata keçirilir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas prioritetlərindən biri tarixi yaşayış fondunun qorunması, bərpası və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Təkcə cari il ərzində 6 tarixi binanın ümumilikdə 1 170 kvadratmetr dam örtüyü suötürücü sistemləri ilə birlikdə tamamilə yenilənib. Eyni zamanda, 213 balkonda təmir-bərpa işləri aparılıb, tarixi mühitə uyğun olmayan plastik konstruksiyalar taxta materiallarla əvəz edilib.
Görülən işlər həm tarixi memarlıq irsinin qorunmasına, həm də sakinlərin təhlükəsizliyinin və rahatlığının artırılmasına xidmət edir. Bununla belə, yenilənmiş dam örtükləri ümumi dam fondunun hələlik təxminən bir faizini təşkil edir. İdarə əlavə maliyyə mənbələri və tərəfdaşlar cəlb etməklə bu işlərin miqyasını genişləndirməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.