Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 24 iyulda 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) qəza nəticəsində Balakən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Müayinə nəticəsində pasiyentə çoxsaylı travmatik sınıqlar və açıq yara diaqnozları təyin olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
Balakən rayonunun Qullar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 12:00-da baş verib.
Belə ki, "Mercedes-Benz" markalı, 20-EU-635 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü, 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Əzizə İsmayılova
Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində baş verib.
"Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.
İlkin məlumata görə, qəzada iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.