Ötən gün müşahidə edilən güclü külək və yağan dolu Balakən şəhərində çoxmənzilli binanın, eləcə də digər yaşayış məntəqəsində fərdi evlərin dam örtüyünü uçurub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 7-də saat 06:00-06:15-də qasırğa nəticəsində Balakən şəhər H.Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub:
“Bundan başqa, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə aşıb. Həmçinin, M.Əsədov küçəsində ağacın aşması səbəbindən sahibkarlıq obyektinə, “Mitsubishi Pajero” və VAZ-2115 markalı avtomobillərə ziyan dəyib.
H.Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində ağaclar aşaraq yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Rayonun Katex kəndinin “Kombinat” adlanan ərazisinə dolu düşüb, nəticədə 80 fərdi yaşayış evinin dam örtüyünə ziyan dəyib, evlərə su yığılıb”.
Məlumatda təbiət hadisəsi nəticəsində xəsarət alanların olmadığı qeyd edilib:
“Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.
10:44
Ötən gecə güclü külək Balakəndə bir sıra fəsadlar törədib.
Oxu.Az-ın məlumatına görə, güclü külək səbəbindən Balakən şəhərində ağac budaqları qırılıb. Bir sıra obyektlərin pəncərələri sınıb, dam örtüklərinə ciddi ziyan dəyib.
Ərazidə nəqliyyatın hərəkətinə mane olmasın deyə budaqlar, uçan dam örtükləri bir yerə toplanıb.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli