Kastinq müəyyən bir rol və ya iş üçün aktyorların, modellərin və ya digər ifaçıların seçilməsi prosesidir. İstər kino, istər teatr, istər televiziya, istər reklam, istərsə də model biznesi olsun, istənilən yaradıcı layihənin əsas elementi olan bu işin arxasında bütöv bir komandanın titanik əməyi dayanır.
Azərbaycanda ilk kastinq agentliyi 2014-cü ildə istedadlı və yaradıcı xanım Səbinə Həsənova tərəfindən yaradılmış "Bestcast Agency" olub. 10 il ərzində şirkət nəinki ictimaiyyətin məhəbbətini qazanan, həm də uzun illər lider mövqelərini qoruyub saxlayan çoxlu sayda uğurlu layihələr yaradıb. Bu layihələrə misal olaraq, İlham Qasımovun rejissoru olduğu "Oğlan evi" filmi, "Bakı Media Mərkəzi"nin istehsalı olan "Son iclas" bədii-sənədli filmi, çox sevilən "Bakı Payızı 35 il sonra" layihəsi, habelə Rusiyanın Birinci Kanalının sifarişi ilə çəkilmiş 8 seriyalı "Maqomayev" bədii filmini qeyd etmək olar.
Hazırda "Bestcast Agency" əyləncə sənayesinin müxtəlif layihələri üzrə çalışır. Agentliyin cari fəaliyyəti film, televiziya, reklam, musiqi serialları və marketinq üçün aktyorların, modellərin və digər istedadlı ifaçıların axtarışı, seçilməsi və təqdim edilməsindən ibarətdir. Hazırda "Bestcast Agency" daha çox kino və televiziya layihələrində ixtisaslaşıb.
Oxu.Az kollektivi olaraq biz də "Bestcast Agency"ni 10 illiyi münasibətilə təbrik edir, agentliyin heyətinə yeni-yeni yaradıcılıq uğurları diləyirik.
Rəylər