Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən “Patriot” parkında “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən “Mədəniyyət Ordusu” müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.
Tədbir atəşfəşanlıqla sona çatıb.
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində uğurla iştirak edib.
17:44
“Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir. Bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.
Hazırda nazir müavini yüksək peşəkarlıq göstərən tankçılarımızın uğurlu çıxışını izləyir.