Bakının Bilgəh qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib. Çimməyə gedən dörd dostdan ikisi suda batıb.
Batan gənclərdən birinin meyiti dostları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər şəxsin - 23 yaşlı Rəhman Əmirovun axtarışları isə hələ də davam edir.
Rəhman Əmirovun qohumu Nihad Hüseynli hadisə ilə bağlı Baku TV-yə açıqlamasında bildirib: "Qəfil su qalxdı, güclü dalğa yarandı və ikisi batmağa başladı. Dostunu sudan çıxaranda artıq dünyasını dəyişmişdi. Rəhman isə axına düşərək uzaqlaşdı, onu tapmaq mümkün olmadı. O, hərbi xidmətdən yeni qayıtmışdı, 23 yaşı vardı".
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.